Bizim tamaşaçılar aktyorları sevə-sevə öldürürlər

 

Xalq artisti Tariyel Qasımov: “Tamaşaçılar sevdikləri aktyorları qonaqlığa aparırlar, doyunca içirirlər. Axırda biz içə-içə öləcəyik”

Müsahibim sənətdə öz sözünü demiş, illərdir oynadığı obrazları ilə tamaşaçıların dillər əzbəri olan Xalq artisti Tariyel Qasımovdur. Sənətkarla Nizami küçəsində (Torqovıy) görüşüb, keçdiyi yaradıcılıq yolu ilə bağlı söhbət etdik. Xalq artisti bizimlə söhbəti zamanı yaradıcılığının qaranlıq qalan tərəflərinə də aydınlıq gətirdi.

Yalan və iftira

- Tariel müəllim, bir müddət region teatrlarında direktor vəzifəsində çalışmısınız. İndi aktyor kimi fəaliyyət göstərmək sizə çətin gəlmirmi?

- Mənim sənətim aktyorluqdur. Mən bu sənəti sevirəm. Region teatrlarında işləməyimin özünün bir tarixçəsi var. Deməli, 1997-ci ildə məni nazirlikdən çağırıb söylədilər ki, Qazax teatrı fəaliyyətsizliyi ucbatından bağlanmaq üzrədir. O zaman teatrda yazıçı Firuddin Aşırov direktor vəzifəsində çalışırdı, ancaq teatrda heç bir fəaliyyəti yox idi. Bizə buradan göstəriş verildi ki, Əliqismət Lalayevlə birlikdə Qazaxa gedib, oranın İH başçısına Qazax teatrının bağlanması haqqında məlumat verib, akta qol çəkdirməliyik. Əsəd Orucov o zaman Qazax rayon İH-nin başçısı vəzifəsində çalışırdı. O söylədi ki, əgər teatr fəaliyyətsizdirsə, dövlətdən havayı maaş almamaq üçün teatr bağlanmalıdır: “Ancaq mənim üçün maraqlısı odur ki, Azərbaycanın məşhur qazaxlı aktyoru Tariyel Qasımov teatrın bağlanması üçün Qazaxa akta qol çəkməyə gəlib”. Əsəd Orucov mənə dedi ki, sizin bu hərəkətiniz gənclərə necə örnək olacaq? Qazax mahalının bircə xalq artisti var, o da öz torpağına teatrı bağlamağa gəlib. Mənə elə gəlir ki, gələcək nəsillər sizə yaxşı baxmayacaq. Söylədi ki, əgər teatrın bağlanmasını istəmirsinizsə, gəlin, Qazax teatrında işləyin, teatrın fəaliyyətini bərpa edin. Həmin ərəfələr məşhurluğumun ən yüksək zirvəsi idi. Paytaxtdakı pərəstişkarlarımı qoyub bölgədə teatr hazırlamaq mənə qəribə gəlirdi. Ancaq içimdəki yerlilik hissi, Qazax mənim doğma torpağım olduğu üçün orada həm teatrda direktor, həm də bədii rəhbər vəzifəsində işləməyə razılıq verdim. O zaman Əsəd müəllim Polad Bülbüloğluna zəng vurdu, söylədi ki, teatrı bağlamayın. Onu da qeyd etdi ki, o teatrı Tariyel Qasımov özü idarə edəcək.

1997-ci ilin yanvar ayının 1-dən mən Qazax teatrında çalışmağa başladım. Teatrda ilk tamaşamız Mehdi Hüseynin “Alov” tamaşası oldu. Tamaşa Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çox yüksək səviyyədə qarşılandı. Ondan sonra “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını hazırladıq. Teatrda 5 ayda 3 tamaşa hazırladım. Hazırladığım tamaşalarda həm də aktyor kimi rol aldım. Həmin teatr bu gün də fəaliyyət göstərir. Mən orada bir il fəaliyyət göstərdim. Polad Bülbüloğlu və nazir müavini Ədalət Vəliyev məndən o teatrda üç il işləməyimi istədilər, ancaq ailəm Bakıda olduğu üçün geri qayıtmalı oldum. Həm də Qazaxda mənə ev verilmədiyi üçün geri qayıtdım.

- Bəs, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında necə çalışdınız?

 

- Bir müddət sonra Azərbaycan Dövlət Dərbənd Dram Teatrı yaradıldı. Məni 1999-cu ildə o teatra direktor və bədii rəhbər təyin etdilər. İsi Məlikzadənin “Gəl, qohum olaq” adlı tamaşası ilə Dərbənddə Azərbaycan teatrının açılışı oldu. Bu gün də həmin teatr fəaliyyət göstərir. Orada ilyarım fəaliyyət göstərdikdən sonra yenidən paytaxta qayıtdım. Çünki Dərbənd vətəndaşları kənardan gəlmə sənətkarları sevmirlər. Orada məndən əvvəl xalq teatrında çalışan aktyor var idi. Onu vəzifədən çıxarıb məni ora direktor təyin etmişdilər. O bizim Mədəniyyət Nazirliyinə mənim çıxarılmağım barədə 40 nəfər işçinin imzasını toplayıb ərizə vermişdi. Guya onlar məni istəmirlər. Ancaq teatrda ştatda cəmi 20 nəfər işləyirdi. Bu, təbii ki, yalan və iftira idi. Həmin insan teatrda direktor vəzifəsində işləyib, sonradan çıxarılmışdı. Amma müəyyən yollarla yenidən həmin vəzifəyə keçdi. O teatr bizim rejissorların sayəsində bu gün fəaliyyət göstərir. Oradakı aktyorların və rejissorların ümidinə qalsa, teatr çoxdan məhv olmuşdu. Onların fəaliyyəti heç dram dərnəyi səviyyəsində də deyil. Çünki onlar sənət adamı deyillər.

Bu mənim taleyimdir

- Teatrın ən qocaman aktyoru kimi bu gün sizə verilən dəyərdən razısınızmı?

- Bəli. Mən xalq artistiyəm. Bu adı da, ondan əvvəl əməkdar artist adını da sovet dövründə almışam. Müstəqillik dövründə isə Prezident İlham Əliyev məni evlə təmin etdi və nailiyyətlərimə görə təqaüd ayırdı. Təbii ki, bu, aktyora olan diqqət və qayğıdan irəli gəlir. Qarşıdan teatrın 140 illik yubileyi gəlir. Yəqin ki, çəkdiyim zəhmət və əziyyətlərə görə oradan mənə də bir pay düşəcək. (Gülür - müəllif). Olmasa da heç darılmaram, çünki hər şeyə nail olmuşam. Bu teatrda bütün baş rolları ancaq mən oynamışam. Yeri gələndə quruluşçu rejissor kimi tamaşalar hazırlamışam. Bunların hamısı aktyora olan diqqət və qayğıdan irəli gəlir. Bilirsiniz, bizim tamaşaçılar öz aktyorlarını sevə-sevə öldürürlər. Tamaşaçılar tərəfindən aktyorlara çox böyük sevgi var. Onlar sevdikləri aktyorları qonaqlığa aparırlar, onları doyunca içirirlər. Axırda biz içə-içə öləcəyik. Yaxşı olar ki, qonaq aparsınlar, ancaq içmək üçün təkid etməsinlər. (Yenə gülür – müəllif). Ümumiyyətlə, mən Azərbaycan tamaşaçılarından çox razıyam.

- Sovet dövründə xarici ölkələrdə çəkilən filmlərə dəvət alan tək-tük aktyorlarımızdansınız. İndi isə seriallar çoxaldıqca aktyorların da sayı çoxalır. Buna sizin münasibətiniz necədir?

- Bəli, sovet dövründə xarici ölkələrdə çəkilən filmlərə dəvət alan ilk aktyor mən olmuşam. Özbəkistanda 6 filmə çəkilmişəm. Onun biri 17 seriyadan ibarətdir. Çox təəssüf edirəm ki, o filmlərin heç biri burada göstərilmir. Göstərilsə, tamaşaçı görər ki, mən necə obrazlar canlandırmışam. Bu mənim taleyimdir. İndiki çəkilən filmlərə gəldikdə isə, dövlət başçısı seriallara böyük miqdarda pul ayırıb. Yeni çəkilən seriallarımızın bayağı və naşı olması normaldır. İnanırıq ki, get-gedə hər şey öz yoluna düşəcək. Mən Azərbaycanda çəkilən bütün seriallara dəvət almışam. Ancaq onların içərisindən birini seçdim, o da “Muradına çatan günəş” oldu. 22 seriyadan ibarət olan serialda baş rolu canlandırdım. Filmin rejissoru Asif Abramov Türkiyədə çəkilən “Qurdlar vadisi” serialında 3 il təcrübə keçib. Mən onun rejissorluğuna inanırdım. Düzdür, həmin serial şedevr deyil. Orta səviyyəli, baxımlı bir serial idi. Çəkilən seriallardan “Pərvanələrin rəqsi” baxımlı və maraqlı serialdır. Demirəm, serialların hamısı yaxşıdır. Elə seriallar var ki, baxırıq, hamısı boş-boş süjetlərdən ibarətdir. Bir də görürsən ki, serial çəkən rejissor da heç bu sahənin mütəxəssisi deyil. Belə şeylərə çox pis baxıram. Onlar məni dəvət etsələr belə, onların seriallarına getmirəm.

Heç bir türk aktyoru o filmdə çəkilməz

- Əvvəllər əcnəbi ölkələrdə filmlərə daha çox çəkilmisiniz. Bəs indi necə, sizə xaricdən dəvətlər gəlirmi?

- Təkliflər gəlir, ancaq... Özbəkistandan, Tacikistandanbaşqa ölkələrdən film təklifləri gəlib. Ancaq o təkliflər elə bir insanlar vasitəsilə göndərilib ki, onlar mənə çatmayıb. Bəzi adamlar isə mənim filmlərdə çəkilməyimin qarşısını almaq üçün onlara söyləyib ki, Tariyel Qasımov yaradıcılıqla məşğul deyil.

- Bəs bunu necə öyrəndiniz?

- Teatr heyəti Daşkəndə qastrola getmişdi. Özbəkistan sənət adamı mənim üçün işləmədiyimi soruşanda aktyorlar söyləyib ki, Tariyel Qasımov teatrda hələ fəaliyyət göstərir... Mənim fəaliyyətimə mane olan insanlar hər zaman olub. Bilirsiniz, bir çox insanlar istedadlı sənətkarların qabağa keçməsini istəmirlər. İstedadsızlar hər zaman istedadlılara mane olmağa çalışırlar. Bu yaxınlarda Rusiyadan mənə film təklifi gəldi. Film 200 seriyadan ibarətdir. Mən orada Kamal adlı türk obrazı canlandıracaqdım. Ssenarini oxuduqdan sonra gördüm ki, film türklərin əleyhinə çəkilir. O, çox qalmaqallı qarışıq bir filmdir. Bunları biləndən sonra serialda çəkilməkdən imtina etdim, baxmayaraq ki, onlarla müqavilə imzalamışdım.

Özümü cavan hiss edirəm

- Əvvəllər daha çox məşhur idiniz. O zamankı şöhrətdən indiyə nələr qalıb?

- O zamankı şöhrətdən, o dövrdən gözəl tamaşaçılar qalıb. Hansı ki onlar indi ağsaqqaldırlar, böyükdürlər. Ən maraqlısı odur ki, indi məni görən kimi deyirlər ki, Tariyel müəllim, deyəsən qocalmısınız. Xətrimə dəyməmək üçündeyəsənkəlməsini işlədirlər Bilirsiniz, tamaşaçı istəmir ki, sənətkarı qocalsın. Gənclərin əksəriyyəti məni tanımır. Çünki onlar teatra gəlmirlər. İndi kinolarımız da yoxdur. Deyəndə ki mən Tariyel Qasımovam, gənclər deyir ki, valideynlərimiz sizi tanıyır. Əvvəllər Xuraman Hacıyeva ilə mən tərəfmüqabili kimi çox rollar oynamışam. Bizim rolları o qədər sevirdilər ki, elə bilirdilər biz həyat yoldaşıyıq. İndi məndən tez-tez onu soruşurlar.

- Bildiyim qədər, şeirlər yazırsınız. Bir şerinizdə belə bir misra var:

Ömrümün 60-ı arxada qaldı,

Görəsən 70-də insanlar necə olur?

Bu sualın cavabını tapa bildinizmi?

 

- Mənim 75 yaşım olacaq. Amma 75 yaşımda olduğumu hiss etmirəm. İllərin necə gəlib keçdiyini heç hiss etmədim. Elə bilirəm ki, maksimum 35 yaşım var. Bəzən deyirlər ki, aktyordur da, gözəl həyat keçirir. Anamın 98 yaşı var. Rayona gedəndə deyir ki, sənə 17 yaşından qulluq etmirəm, qoy indi mən qulluq edim. Təsəvvür edirsiniz, 98 yaşında... Bilirsiniz, bizim sənətdə olan paxıl insanlar heç bir sənətdə yoxdur. Amma bu mənim bəxt yolumdur. Onun qarşısını heç kim kəsə bilməz. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun. Paxıllıq edən insanlar da çalışsınlar ki, mənə çatsınlar. İstəyirəm ki, aktyorluq sənətində bir yenilik edim. Bütün adlara layiq görülmüşəm. İstəyirəm elə bir rol oynayım ki, onun həyatımmda xüsusi yeri olsun. Ömür qismət etsə, yəqin ki, bu istəyimə də çataram.

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-20 iyun.-S.13.